BAKI, 11 sentyabr. TELEQRAF

İngiltərə təmsilçisi “Çelsi”nin ortağı Todd Boehli klubdakı payını sataraq komandadan ayrılır.

Teleqraf “The Telegraph”a istinadən xəbər verir ki, amerikalı investor Mark Valter və Hansjörq Visslə birlikdə klubdakı 38,5 faizlik payını “Clearlake Capital” şirkətinə satmağa razılaşıb.

Sövdələşmənin rəsmiləşdirilməsi artıq son mərhələdədir. Razılaşmadan sonra “Clearlake Capital”ın “Çelsi”dəki payı 61,5 faizdən 99,9 faizə yüksələcək.

Boehli 2022-ci ildə “Çelsi”nin Roman Abramoviçdən alınmasının əsas ictimai siması olub. Lakin son illərdə klubun gündəlik idarəçiliyində Behdad Eqbali daha fəal rol oynayıb.

Qeyd edək ki, “Çelsi”nin alınması 2022-ci ildə konsorsiuma 2,5 milyard funt-sterlinqə başa gəlib. Bundan əlavə, kluba 1,75 milyard funt-sterlinq investisiya yatırılması vəd olunub.