BAKI, 9 sentyabr. TELEQRAF

Almaniyanın “Borussiya Dortmund” klubunun futbolçusu Konstantinos Karetsas səhhətində yaranan problem səbəbindən xəstəxanaya aparılıb.

Teleqraf xəbər verir ki, hadisə Çempionlar Liqasının Liqa mərhələsinin I turunda “Vilyarreal”la oyunda ( 3:2) baş verib.

Qarşılaşmanın 24-cü dəqiqəsində Karetsas özünü pis hiss edərək meydanda oturub. Həkimlər 18 yaşlı yunan futbolçuya bir neçə dəqiqə tibbi yardım göstərdikdən sonra onu xərəkdə meydandan çıxarıblar. Karetsası İtan Nvaneri əvəzləyib.

“Borussiya”nın idman direktoru Lars Rikken bildirib ki, futbolçu qan dövranı ilə bağlı problem səbəbindən başgicəllənmə yaşayıb:

“Bundan əvvəl belə bir əlamət müşahidə olunmayıb. O, əlavə müayinədən keçmək üçün xəstəxanaya yollanıb. Hazırda hər hansı ehtimal irəli sürmək məsuliyyətsizlik olardı”.

Karetsas 2026-cı ilin yayında 30 milyon avro qarşılığında Belçikanın “Genk” klubundan “Borussiya Dortmund”a transfer olunub. O, Dortmund təmsilçisinin heyətində 5 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Sabah" UEFA Çempionlar Liqasının Liqa mərhələsində oktyabrın 20-də Bakıda Almaniyanın "Borussiya Dortmund" klubunu qəbul edəcək, dekabrın 8-də isə İspaniyada "Vilyarreal"la qarşılaşacaq.