BAKI, 5 sentyabr. TELEQRAF
“Sabah” Futbol Klubu uşaq futbolunun davamlı inkişafını təmin etmək məqsədilə 10 milyon manatlıq maliyyə fondu yaradacaq.
Teleqraf xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin 27 avqust 2026-cı il tarixli Sərəncamı ilə “Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə kluba 5 milyon manat maliyyə dəstəyi ayrılıb.
Klub həmin vəsaitə əlavə olaraq öz büdcəsindən 5 milyon manat ayırmaq və “Sabah Football Academy Future Talents” – “Sabah Futbol Akademiyası Gələcəyin İstedadları” proqramını yaratmaq qərarına gəlib.
Beləliklə, proqramın ilkin kapitalı 10 milyon manat təşkil edəcək. Vəsaitin əsas məqsədi onu xərcləmək deyil, peşəkar şəkildə idarə edərək qorumaq və artırmaqdır. Həmçinin bu il UEFA Çempionlar Liqasında keçirilən oyunlara bilet satışından əldə olunan gəlirin müəyyən hissəsi də proqrama yönəldiləcək.
Layihə çərçivəsində futbol infrastrukturunun inkişafı, istedadlı uşaqların aşkarlanması və hazırlanması, müasir məşq metodlarının tətbiqi, idman elmi, tibbi təminat, performans analitikası, təhsil və fərdi inkişaf proqramlarının gücləndirilməsi nəzərdə tutulur.
“Sabah” ölkə üzrə istedadların aşkarlanması sistemini genişləndirməyi, uşaqların yaşadığı regiondan və ailələrinin maddi imkanlarından asılı olmayaraq perspektivli futbolçular üçün bərabər inkişaf imkanları yaratmağı hədəfləyir.
Klub, həmçinin təşəbbüsün AFFA-nın uşaq və gənclər futbolunun inkişafı istiqamətində fəaliyyəti ilə uzlaşdırılmasına və qarşılıqlı əməkdaşlıq imkanlarının yaradılmasına önəm verdiyini açıqlayıb.
Uzunmüddətli perspektivdə “Sabah” Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrindəki akademiyalar, futbol məktəbləri və klublarla əməkdaşlığı genişləndirərək akademiyanı regionun aparıcı futbol inkişaf mərkəzlərindən birinə çevirməyi planlaşdırır.
Klub həmçinin Azərbaycan şirkətlərini və beynəlxalq tərəfdaşları layihəyə “Bünövrə Tərəfdaşı” formatında qoşulmağa dəvət edib.
“Sabah Football Academy Future Talents” proqramının fəaliyyət prinsipləri, idarəetmə modeli və tərəfdaşlıq mexanizmləri ilə bağlı əlavə məlumatın ictimaiyyətə təqdim ediləcəyi bildirilib.