BAKI, 5 sentyabr. TELEQRAF
Beynəlxalq Futbol Federasiyası (FIFA) Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) ona qarşı böhtan xarakterli ittihamlarla kampaniya başlatdığını bəyan edib.
Teleqraf xəbər verir ki, bundan əvvəl UEFA-nın FIFA rəhbəri Canni İnfantinonu cinayət məsuliyyətinə cəlb etməyə çalışdığı barədə məlumat yayılmışdı.
Qurum İnfantinonu dünya çempionatının hüquqlarının bir hissəsini özəl investorlara satmaqda ittiham edir.
FIFA-nın bəyanatında belə deyilir: "Bu müraciətlər başlıqları və iş nömrələri olan hüquqi sənədlər formasında tərtib edilsə də, UEFA-nın FIFA-ya və onun rəhbərliyinə qarşı apardığı böhtan kampaniyasını dəstəkləyən mətbuat relizindən başqa bir şey deyildir".
Qeyd edək ki, münaqişəyə Canni İnfantinonun Dünya Çempionatının kommersiya hüquqlarının 20%-lik payını 4,2 milyard dollara özəl investisiya fonduna satmaq və "FIFA Forward Enterprise" adlı yeni şirkət yaratmaq planı səbəb olub. UEFA və digər konfederasiyalar futbolun kommersiyalaşdırılmasına və turnirin dəyərinin süni şəkildə aşağı göstərilməsinə etiraz edərək planı kəskin pisləyiblər.