BAKI, 4 sentyabr. TELEQRAF

Beynəlxalq Futbol Federasiyası (FİFA) Avropa Futbol Assosiasiyaları İttifaqını (UEFA) təşkilatın rəhbərliyinə qarşı böhtan kampaniyası aparmaqda ittiham edib.

Teleqraf xəbər verir ki, bu barədə “The Athletic” FİFA-nın açıqlamasına istinadən məlumat yayıb.

Bundan əvvəl jurnalist Rob Harris UEFA-nın FİFA prezidenti Canni İnfantinoya qarşı cinayət təqibinin başlanmasına hazırlaşdığını bildirmişdi. Buna İnfantinonun dünya çempionatının yayım hüquqlarındakı payın bir hissəsini özəl investorlara satmaq cəhdinin səbəb olduğu qeyd edilir.

FİFA açıqlamasında UEFA-nın hüquqi sorğularının təşkilata və onun rəhbərliyinə qarşı “böhtan kampaniyasını dəstəkləyən press-relizlərdən başqa bir şey olmadığı” bildirilib.

İyulda İnfantinonun FİFA-nın əsas kişi və qadın turnirlərinə nəzarət edəcək “FIFA Forward Enterprise” şirkətinin yaradılmasını təklif etdiyi məlum olmuşdu. FİFA-nın hesablamalarına görə, layihə 4,2 milyard dollar investisiya cəlb edə bilərdi.

Təşəbbüs UEFA, KONKAKAF, Asiya Futbol Konfederasiyası və KONMEBOL daxil olmaqla bir sıra futbol qurumları tərəfindən rədd edilmişdi.