BAKI, 3 sentyabr. TELEQRAF
“Sabah”ın prezidenti Maqsud Adıgözəlov klubun UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlməsinin arxasında dayanan prinsiplərdən danışıb.
Teleqraf xəbər verir ki, klub rəhbəri “Euronews”a açıqlamasında “Sabah”ın maliyyə imkanlarına görə bir çox Avropa klubu ilə rəqabət apara bilmədiyini, buna görə fərqli inkişaf yolunun seçildiyini bildirib:
“Biz maliyyə baxımından yaxşı qurulmuş bir çox Avropa klubu ilə rəqabət apara bilməzdik. Buna görə öz rəqabət üstünlüklərimizi tapmalı idik.
Bizi “Moneyball” fəlsəfəsi ruhlandırdı. Bu yanaşma göstərdi ki, məlumatlardan düzgün istifadə və düşünülmüş seleksiya klubun maliyyə imkanlarından qat-qat yüksək səviyyədə rəqabət aparmasına şərait yarada bilər”.
Adıgözəlov bununla yanaşı, klubun fəaliyyətində insan amilinin əsas yerlərdən birini tutduğunu vurğulayıb:
“Futbolçular ilk növbədə insandırlar, yalnız bundan sonra aktiv və ya statistik göstəricidirlər. Biz oyunçular üçün məşq və yaşayış baxımından əla şərait yaratmağa, onlara və ailələrinə hörmətlə yanaşmağa çalışırıq”.
Adıgözəlov tarixi uğurun Azərbaycan futboluna mümkün təsirindən də danışıb:
“Tribunada oturub “Barselona”nın və ya Dortmund “Borussiya”sının “Sabah”a qarşı oynadığını izləyən oğlan və ya qız futbol haqqında başqa cür xəyal qurmağa başlaya bilər. Əgər bu uğur sayəsində daha çox uşaq futbola gəlsə, daha çox ailə stadionlara üz tutsa və Azərbaycan futboluna inam artsa, onun təsiri təkcə “Sabah”ın uğurundan qat-qat böyük olacaq”.