BAKI, 3 sentyabr. TELEQRAF

İtaliya təmsilçilərindən "Milan"ın təcrübəli yarımmüdafiəçisi Luka Modriç futbolçu karyerasını başa vurduqdan sonra keçmiş klubu "Real Madrid"ə qayıtmaq niyyətində olduğunu bildirib.

Teleqraf xəbər verir ki, 40 yaşlı xorvatiyalı bu barədə "Marca" nəşrinə müsahibəsində danışıb.

Yarımmüdafiəçi Madrid təmsilçisinin onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb:

"Real Madrid" mənim evimdir və ora qayıtmaq istəyirəm. Mən həmişə "Real Madrid" azarkeşi olaraq qalacağam. "Real Madrid" dünyada ən böyük klubdur. Madrid mənə hər şey verdi. Qayıdıb faydalı olmaq, kömək etmək istəyirəm. Joze Mourinyonun dediyi kimi, mən "Real"da işləmək deyil, "Real" üçün çalışmaq istəyirəm".

Qeyd edək ki, Xorvatiya millisinin üzvü 2012–2025-ci illərdə "kral klubu"nun şərəfini qoruyub.