BAKI, 27 avqust. TELEQRAF

“Sabah” UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün təsnifat mərhələsində bir sıra statistik göstəricilərdə lider olub.

Teleqraf xəbər verir ki, Bakı təmsilçisi təsnifat mərhələsini 6 qələbə ilə başa vuraraq bu göstəricidə bütün komandaları qabaqlayıb. “Sabah” eyni zamanda 18 qolla təsnifat mərhələsinin ən məhsuldar komandası olub.

Azərbaycan çempionu qapıya ən çox zərbə endirən komanda kimi də fərqlənib. “Sabah” futbolçuları rəqib qapısına ümumilikdə 137 dəfə zərbə vurub.

Komanda künc zərbələrinin sayında da liderdir. Bakı təmsilçisi təsnifat mərhələsində 48 künc zərbəsi yerinə yetirib.

“Sabah” qapı çərçivəsinə dəqiq zərbələrin sayında da ən yaxşı göstəriciyə sahibdir. Komandanın futbolçuları 52 dəfə rəqib qapısının çərçivəsini dəqiq nişan alıb.

Fərdi statistikada da “Sabah” futbolçuları ön plandadır. Velko Simiç 6 qolla bombardirlər siyahısında birinci pillədə qərarlaşıb. Coy-Lens Mikels isə 4 qolla ikinci yeri bölüşür.

Timoteuş Puxaç isə 5 məhsuldar ötürmə ilə təsnifat mərhələsinin ən çox assist edən futbolçusudur.