BAKI, 27 avqust. TELEQRAF

“Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaqla klub tarixinin rekord maliyyə gəlirini təmin edib.

Teleqraf xəbər verir ki, Azərbaycan çempionu pley-off mərhələsinin cavab oyununda İsrailin “Hapoel” (Beer-Şeva) klubunu 5:2 hesabı ilə məğlub edərək ümumi hesabda 6:4 üstün olub və ilk dəfə Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlib.

UEFA-nın 2026/27 mövsümü üçün müəyyənləşdirdiyi maliyyə sisteminə əsasən, “Sabah” əsas mərhələdə iştiraka görə 18,62 milyon avro sabit ödəniş alacaq.

Bununla yanaşı, klubun UEFA reytinqi və yayım bazarı üzrə “Value Pillar” ödənişlərindən də gəliri olacaq. Bu komponent üzrə “Sabah” üçün minimum 1,28 milyon avro nəzərdə tutulur. Beləliklə, Bakı təmsilçisinin UEFA-dan əldə edəcəyi minimum gəlir 20,18 milyon avroya, təxminən 39 milyon manata çatır.

Qeyd edək ki, “Sabah”ın gəliri Çempionlar Liqasının Liqa mərhələsindəki nəticələrindən asılı olaraq daha da artacaq. Komanda hər qələbəyə görə 2,1 milyon, heç-heçəyə görə isə 700 min avro qazanacaq. Yekun turnir cədvəlindəki mövqeyə görə də əlavə ödənişlər nəzərdə tutulub.