BAKI, 27 avqust. TELEQRAF
Türkiyənin iki nəhəng klubu – "Fənərbağça" və "Qalatasaray" UEFA Çempionlar Liqasında iştirakdan əhəmiyyətli gəlir əldə edəcək.
Teleqraf xəbər verir ki, pley-off mərhələsinin cavab oyununda “Lion”u 2:1 hesabı ilə məğlub edən "Fənərbağça" 18 ildən sonra Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
Türkiyə Super Liqasının ötən mövsüm çempionu olan "Qalatasaray" isə turnirə birbaşa vəsiqə əldə edib.
"Qalatasaray"ın Çempionlar Liqasındakı minimum zəmanətli gəliri 30,5 milyon avro təşkil edəcək. Klub iştirak haqqına görə 18,6 milyon, son 10 ildəki reytinqinə görə 3,5 milyon, son 5 ildəki reytinqi və media gəlirlərinə görə isə 8,4 milyon avro qazanacaq.
"Fənərbağça"nın zəmanətli gəliri isə 31,8 milyon avro olacaq. İstanbul təmsilçisi iştirak haqqı olaraq 18,6 milyon, son 10 ildəki reytinqinə görə 3,8 milyon, son 5 ildəki reytinqi və media gəlirlərinə görə isə 9,4 milyon avro əldə edəcək.
Qeyd edək ki, Türkiyə 19 ildən sonra ilk dəfə Çempionlar Liqasında iki klubla təmsil olunacaq. Həm "Qalatasaray", həm də "Fənərbağça" turnirin püşkatmasında üçüncü səbətdə yer alacaq.