BAKI, 26 avqust. TELEQRAF
“Ölkəmizi, xalqımızı, millətimizi təbrik edirəm. Tarixi uğur qazandıq”.
Bu sözləri Teleqraf-a “Sabah”ın futbolçusu Rəhman Daşdəmirov deyib.
26 yaşlı mərkəz müdafiəçisi UEFA Çempionlar Liqasının təsnifat mərhələsinin pley-offunda “Hapoel”lə (5:2) keçirilən görüşü belə dəyərləndirib:
“Çətin rəqib idi, biz bunu bacardıq. İlk dəqiqələrdən inanırdıq ki, bu rəqibi keçə bilərik. Bacardığımızı etdik, şükür, qalib gələn tərəf biz olduq. Yaxşı hazırlaşmışdıq. Mövsüm boyu da yaxşı çıxış etmişik. Qələbəyə layiq idik”.
Rəhman Daşdəmirov Çempionlar Liqasının əsas mərhələsində güclü rəqiblərlə qarşılaşacaqlarını söyləyib:
“Rəqiblərimizin hamısı böyük klublardır. Hansı rəqib düşsə, ona “Sabah”ın gücünü göstərməyə çalışacağıq. Azarkeşləri sevindirib, yaxşı nəticələr qazanmaq istəyirik”.
Qeyd edək ki, “Sabah” UEFA Çempionlar Liqasının təsnifat mərhələsinin pley-offunda İsrailin “Hapoel” (Beer-Şeva) klubunu (ilk oyun 2:1) 5:2 hesabı ilə məğlub edərək ÇL-in əsas mərhələsinə vəsiqə qazanıb.