BAKI, 25 avqust. TELEQRAF
“Qarabağ” zədəli futbolçularının son durumu ilə bağlı rəsmi məlumat yayıb.
Teleqraf xəbər verir ki, Pedro Bikalyonun zədəsi tam sağalıb. Futbolçu artıq komanda ilə məşqlərə qoşulub.
Renaldo Sefasın müalicəsi isə davam edir. Onun bərpa prosesində müsbət dinamika müşahidə olunur. Sefasın UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente” ilə keçiriləcək cavab oyununda heyətdə yer almaq ehtimalı var. Futbolçunun meydana çıxıb-çıxmayacağı ilə bağlı yekun qərar onun son vəziyyəti nəzərə alınmaqla veriləcək.
“Qarabağ”ın digər futbolçusu Elvin Cəfərquliyev isə əməliyyat olunacaq. O, UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo” (Kiyev) ilə avqustun 13-də keçirilən cavab oyununda zədələnib.
Müayinələrin nəticələrinə əsasən, futbolçunun sol budunun arxa əzələ qrupuna daxil olan yarımvətərli əzələnin distal vətərində zədələnmə aşkarlanıb. İlkin mərhələdə konservativ müalicə və reabilitasiya tətbiq olunsa da, gözlənilən müsbət dinamika qeydə alınmayıb.
Avropalı mütəxəssislərlə aparılan əlavə konsultasiyalardan sonra Cəfərquliyevin cərrahi əməliyyat olunmasına qərar verilib. İlkin proqnoza görə, futbolçunun tam bərpası və futbol fəaliyyətinə qayıtması təxminən 3 ay çəkəcək. Müddət reabilitasiya prosesinin gedişindən asılı olaraq dəyişə bilər.
Zakaria Savonun bərpa prosesi də davam edir. Onun təxminən 3-5 həftə ərzində komandanın sərəncamında olması gözlənilir.