BAKI, 22 avqust. TELEQRAF

Braziliyalı hücumçu Malkom Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əl-Cəzirə” klubuna keçib.

Teleqraf xəbər verir ki, bu barədə “Əl-Cəzirə” klubunun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı futbolçu yeni klubu ilə müqavilə imzalayıb. Razılaşmanın müddəti barədə məlumat verilməyib.

Malkom 2023-cü ildən Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edib. Klub cümə günü braziliyalı hücumçu ilə müqaviləyə xitam verildiyini açıqlayıb. O, “Əl-Hilal”ın heyətində Səudiyyə Ərəbistanı çempionu olub və iki dəfə ölkə Superkubokunu qazanıb.

Braziliyalı futbolçu daha əvvəl Fransanın “Bordo”, İspaniyanın “Barselona” və Rusiyanın “Zenit” klublarında forma geyinib. “Zenit”in heyətində 109 oyuna çıxan Malkom 42 qol vurub, dörd dəfə Rusiya çempionu, dörd dəfə ölkə Superkubokunun və bir dəfə Rusiya Kubokunun qalibi olub.

O, “Barselona” ilə İspaniya çempionluğunu və Superkubokunu da qazanıb.

Malkom Braziliya millisinin heyətində 2021-ci ildə Tokio Olimpiadasının futbol turnirinin qalibi olub.