BAKI, 11 iyun. TELEQRAF
Portuqaliyalı mütəxəssis Joze Mourinyonun İspaniya təmsilçisi “Real Madrid”in yeni baş məşqçisi kimi rəsmən təqdim olunacağı vaxt müəyyənləşib.
Teleqraf xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 63 yaşlı mütəxəssis iyul ayında Madrid klubunun yeni baş məşqçisi kimi azarkeşlərə və KİV nümayəndələrinə təqdim olunacaq.
Mourinyo artıq klub rəhbərliyi ilə ilk görüşünü keçirərək mümkün transferləri müzakirə edib.
Bundan əvvəl “Benfika” Joze Mourinyonun “Real Madrid”ə keçdiyini təsdiqləyən rəsmi açıqlama yayıb.
Qeyd edək ki, portuqaliyalı mütəxəssis 2010-2013-cü illərdə də Madrid təmsilçisini çalışdırıb. O, həmin dövrdə komanda ilə İspaniya çempionu (2011/12), İspaniya Kubokunun (2010/11) və İspaniya Superkubokunun (2012) qalibi olub.