BAKI, 8 iyun. TELEQRAF
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Macarıstanın Sombatxey şəhərində San Marino yığmasına qarşı keçiriləcək yoldaşlıq oyunundan əvvəl fikirlərini bölüşüb.
Teleqraf xəbər verir ki, mütəxəssis hazırlıq prosesinin plan üzrə davam etdiyini bildirib.
O, heyətdə bəzi problemlərin olduğunu da qeyd edib:
“Hər şey plan üzrə gedir. Geniş heyətimiz var. Sadəcə, Rəhim Sadıxov və Elvin Bədəlov xəstələndikləri üçün məşqlərin bir hissəsini buraxdılar. Bu da planlarımızı bir qədər pozdu. Təbii ki, hər iki matçda qalib gəlmək istəyirdik. Lakin bir yerdə olmaq, bu görüşləri keçirib hücumdakı problemlərimizi görmək vacib idi. Son məğlubiyyətə gəlincə, yaxşı oynamağımıza baxmayaraq, nəticə bizi qane etmədi. Hücumları məntiqli sonluqla tamamlamaq lazımdır. Futbolçuların oyun praktikası ilə bağlı müəyyən problemləri var, lakin bu, bəhanə ola bilməz”.
Abbasov əvvəlki qarşılaşmanın təhlili zamanı futbolçulara əsasən hücumların sonlandırılması ilə bağlı iradların bildirildiyini söyləyib:
“Öncəki oyunda komandamız tərəfindən yaxşı hücumlar və mübarizə gördük, sadəcə sonluq çatışmadı. Bununla bağlı təhlil zamanı komandaya iradlarımızı bildirdik. Onlar bu ölkənin ən yaxşılarıdır və imkan yaranırsa, mütləq qol vurmalıdırlar. Hücumları tamamlamaq üçün oyun praktikası çatışmadı. Əgər onlar millidə yaxşı oynamaq istəyirlərsə, klublarında 7-8 dəqiqə meydanda olmaqla kifayətlənməməlidirlər”.
Baş məşqçi San Marino ilə görüşdə start heyətinin tamamilə dəyişəcəyini açıqlayıb.
Onun sözlərinə görə, meydana Şahruddin Məhəmmədəliyev, Cəlal Hüseynov, Rahil Məmmədov, Rəhman Daşdəmirov, Tellur Mütəllimov, Rüfət Abbasov, Səbuhi Abdullazadə, Emin Mahmudov, Ayxan Hüseynov, Rüstəm Əhmədzadə və Renat Dadaşov çıxacaq.
Ayxan Abbasov Cəlal Hüseynovun universal futbolçu olduğunu da vurğulayıb:
“Cəlal universal oyunçudur. Biz onu hələ “Şamaxı”da digər mövqelərdə sınamışdıq. Ehtiyac olarsa, dayaq yarımmüdafiəçisi kimi də oynaya bilər”.
Mütəxəssis Abdulla Xaybulayev və Anton Krivotsyukun toplanışdan kənarlaşdırılması məsələsinə də münasibət bildirib. O, qərarın yalnız hazırkı toplanışa aid olduğunu deyib:
“Bu qərara mən özüm də pis olmuşam. Onlar yığmanın ən intizamlı futbolçularıdır. Başqası olsaydı, bəlkə də bu qədər üzülməzdim. Oyundan əvvəl məşqə birlikdə velosipedlə gedirdilər. Futbol emosional oyundur, lakin bəzi şeylər bağışlanmır. Komandada yaxşı ab-havamız var. Bu qərar yalnız hazırkı toplanışa aiddir”.
Abbasov San Marino ilə oyunda qələbəyə inandıqlarını bildirib:
“Buna inanıram. Futbolçular da inanırlar. Bizə qələbə lazımdır. Biz bu komanda ilə inkişaf etmək istəyirik”.