BAKI, 8 iyun. TELEQRAF
Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov karyerasını xaricdə davam etdirmək niyyətindədir.
Teleqraf xəbər verir ki, 23 yaşlı müdafiəçi San Marino ilə keçiriləcək yoldaşlıq oyunu öncəsi təşkil olunan mətbuat konfransında gələcək planlarından danışıb.
O bildirib ki, Bolqarıstanın "Arda" klubu ilə yollarını ayırıb və hazırda yeni komanda axtarışındadır:
"Hazırda klubsuzam. Artıq "Arda" ilə yollarımızı ayırdıq. Azərbaycana qayıtmaq barədə düşünmürəm. Karyeramı legioner kimi davam etdirəcəyəm. Yaxın günlərdə anlaşacağım klub olacaq. Danışıqlar gedir. Sadəcə olaraq tələsmək istəmirəm".
Cəlal Hüseynov milli komandanın düşərgəsində yaxşı atmosferin hökm sürdüyünü də vurğulayıb. O, mövsümün ardından yığmaya qoşulmağın müəyyən çətinliklər yaratdığını desə də, bunun bəhanə olmadığını söyləyib:
"Futbol bizim işimizdir. Hər zaman hazır olmalıyıq. Milli komandada heç bir bəhanə ola bilməz. Mövsüm boyu oynayırsan, hamı istirahətə çıxıb, sən isə toplanışdasan. Amma əlimizdən gələnin ən yaxşısını edəcəyik".
Müdafiəçi San Marino ilə qarşılaşmada əsas məqsədin qələbə qazanmaq olduğunu qeyd edib. Onun sözlərinə görə, rəqib FIFA reytinqində aşağı pillələrdə qərarlaşsa da, asan komanda deyil:
"Onları təhlil etmişik. Qapanan rəqibə qarşı oynamaq çətin olur. Qol vursam, yaxşı olar. Amma əsas olan komandanın qələbəsidir".