BAKI, 8 iyun. TELEQRAF

“Real Madrid”də yenidən prezident seçilən Florentino Perez klubun gələcəyi ilə bağlı yeni layihə üzərində işləyir.

Teleqraf xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Perez klubun hüquqi strukturunu dəyişdirmək və kapitalı xarici investorlar üçün açmaq niyyətindədir. Onun bu prosesi mümkün qədər qısa müddətdə başlatmaq istədiyi bildirilir.

İlk mərhələdə “Real Madrid”in 5 faizlik hissəsinin bir və ya bir neçə investora satılması planlaşdırılır. Lakin belə bir dəyişikliyin reallaşması üçün klub üzvlərinin razılığı tələb olunur.

Məlumata görə, bu məsələ ilə bağlı referendum keçirilməlidir. Təxminən 100 min klub üzvünün səsvermədə iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, “Real Madrid” hazırda üzvlərə məxsus klub statusunu qoruyur. Perez isə yeni layihə ilə klubun maliyyə imkanlarını artırmağı və xarici investisiya cəlb etməyi hədəfləyir.