BAKI, 8 iyun. TELEQRAF
Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç milli komandalarda keçirdiyi oyunların sayına görə argentinalı futbol ulduzu Lionel Messi ilə eyni göstəriciyə çatıb.
Teleqraf xəbər verir ki, hər iki futbolçunun hesabında milli komandaların heyətində 198 oyun var.
40 yaşlı Modriç bu göstəriciyə Sloveniya yığmasına qarşı keçirilən yoldaşlıq görüşündə (2:1) iştirak etməklə nail olub. Təcrübəli yarımmüdafiəçi həmin matçda qol vuraraq komandasının hesabı açmasına da kömək edib.
Beləliklə, Luka Modriç milli komandalar tarixində ən çox oyun keçirən futbolçular siyahısında ikinci pilləyə yüksəlib.
Bu göstərici üzrə rekord Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldoya məxsusdur. Onun hesabında 227 oyun var.
Məlumata görə, Modriç, Messi və Ronaldo qarşıdan gələn dünya çempionatında iştirak edəcək milli komandaların yekun heyətlərinə daxil ediliblər.
Luka Modriç 2025-ci ilin iyul ayından İtaliyanın "Milan" klubunda çıxış edir. O, daha əvvəl uzun illər İspaniyanın "Real Madrid" komandasında oynayıb. Xorvatiyalı futbolçu Madrid təmsilçisi ilə altı dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
Modriç 2018-ci ildə "Qızıl top" mükafatına layiq görülüb. O, həmçinin Xorvatiya millisinin heyətində 2018-ci il dünya çempionatının gümüş, 2022-ci il mundialının isə bürünc medalını qazanıb.