BAKI, 4 iyun. TELEQRAF
“Bu gün növbəti idman bayramına şahidlik edirik. Bu yarış üzgüçülük idman növünün təbliğinə yönəlib”.
Teleqraf xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilən “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsində jurnalistlərə açıqlamasında deyib.
Bakı Su İdmanı Sarayında təşkil olunan tədbirin açılış mərasimində çıxış edən nazir yarışın əhəmiyyətindən danışıb. O bildirib ki, layihə artıq altıncı ildir həyata keçirilir:
“İlk iki ildə yarış milli səviyyədə təşkil olunurdu. Son dörd ildir isə beynəlxalq formatda keçirilir. Artıq bir neçə ölkənin təmsilçiləri bu yarışda iştirak edirlər. Bu il Azərbaycan və Türkiyədən olan idmançılar final mərhələsində qüvvələrini sınayırlar. Bu gün müxtəlif yaş kateqoriyaları üzrə təsnifat mərhələsini uğurla keçən idman həvəskarları finalda mübarizə aparırlar”.
Fərid Qayıbov üzgüçülüyün kütləviləşdirilməsi istiqamətində görülən işlərə də toxunub. Nazir “Kürü keçək” layihəsinin də bu məqsədə xidmət etdiyini bildirib:
“Bildiyiniz kimi, "Kürü keçək" layihəmiz var. İldə bir dəfə Kür çayını üzərək keçirik. Bundan başqa, məktəblərdə də bu idman növünün təbliğinə yönəlmiş tədbirlər keçirilir. Bütün bunların nəticəsində üzgüçülüyə maraq göstərənlərin sayı artır. Bu idman növündə idmançılarımızın nəticələri də var”.
Nazir qeyd edib ki, Bakının dünyanın idman paytaxtı seçilməsi ilə əlaqədar bütün federasiyalar müxtəlif yarışlar təşkil edirlər. O, Azərbaycanda ilk dəfə üzgüçülük üzrə Dünya Kubokunun keçiriləcəyini də diqqətə çatdırıb.