BAKI, 3 iyun. TELEQRAF
“Qalatasaray” heyətini Türkiyə millisinin üzvü Can Uzunla gücləndirmək istəyir.
Teleqraf "Milliyet"ə istinadla xəbər verir ki, İstanbul təmsilçisi hazırda Almaniyanın “Ayntraxt” klubunda çıxış edən 20 yaşlı futbolçunu transfer siyahısına daxil edib.
“Sarı-qırmızılar” yeni mövsüm öncəsi “10 nömrə” mövqeyinə oyunçu axtarır. Baş məşqçi Okan Burukun siyahısında yüksək pillələrdə yer alan Can Uzun üçün artıq danışıqlara başlanıldığı bildirilir.
“Qalatasaray” gənc futbolçu üçün 30 milyon avro ödəməyə hazırdır. “Ayntraxt” isə əvvəlcə 60 milyon avro tələb etsə də, danışıqlardan sonra bu məbləği 50 milyon avroya endirib.
İstanbul klubunun transferi reallaşdırmaq üçün gələcək satışdan müəyyən faizi də təklifə daxil etməyi planlaşdırdığı qeyd olunur.
Qeyd edək ki, Can Uzun 2024/2025-ci illər mövsümündə “Ayntraxt”a keçib. O, daha əvvəl “Nürnberq”, “İnqolştadt” və “Reqensburq” klublarında çıxış edib.
Türkiyə millisinin üzvü ötən mövsüm 28 matçda meydana çıxıb, 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.