BAKI, 3 iyun. TELEQRAF

“Real Madrid”in futbolçusu Vinisius Juniorun klubla yeni müqavilə danışıqlarında problem yaranıb.

Teleqraf xəbər verir ki, bu barədə İspaniyanın “AS” nəşri məlumat yayıb.

İddiaya görə, Madrid təmsilçisi 25 yaşlı braziliyalı vingerlə sözləşmənin müddətini artırmaq istəsə də, tərəflər hələlik ortaq məxrəcə gələ bilməyib. Danışıqlarda əsas problem futbolçunun maaş tələbi ilə bağlıdır.

Vinisius rəhbərlikdən maaşının komandanın ən yüksəködənişli futbolçusu Kilian Mbappe ilə eyni səviyyəyə çatdırılmasını istəyib. “Real Madrid” rəhbərliyi isə bu tələbi qəbul etməzdən əvvəl oyunçunun performansını izləmək niyyətindədir.

Məlumata görə, Vinisiusun yeni müqavilə şərtlərinin müəyyənləşməsində 2026-cı il dünya çempionatındakı çıxışı da həlledici rol oynaya bilər. Braziliyalı ulduzun mundialdakı performansı danışıqlar masasında mövqeyini gücləndirə və ya zəiflədə bilər.

Qeyd edək ki, Vinisius Junior 2025/2026-cı illər mövsümündə bütün turnirlərdə 53 matçda meydana çıxıb. O, bu oyunlarda 22 qol vurub və 14 məhsuldar ötürmə edib.

Hazırda futbolçu illik təxminən 15 milyon avro net maaş alır.