BAKI, 1 iyun. TELEQRAF

İngiltərənin "Arsenal" klubunun Premyer Liqadakı çempionluğu münasibətilə Londonda keçirilən paradı 1 milyona qədər azarkeş izləyib.

Teleqraf xəbər verir ki, PA agentliyinin məlumatına görə, azarkeşlər təxminən 9 kilometrlik marşrut boyunca düzülərək İngiltərə Premyer Liqasının qaliblərini daşıyan açıq avtobusu qarşılayıblar. "The Times" qəzeti isə tədbirə təxminən 800 min nəfərin qatıldığını bildirib.

Məlumata görə, "Arsenal"ın doğma stadionu olan "Emireyts" arenasının yaxınlığında minlərlə azarkeş komandalarının uğurunu qeyd edib. Azarkeşlər futbolçuları daha yaxşı görmək üçün ağaclara, avtobus dayanacaqlarına və küçə işıqlandırma dirəklərinə qalxıblar.

"Sky News" telekanalının məlumatına əsasən, yanğınsöndürmə xidmətinin əməkdaşları gün ərzində yüksəkliklərə çıxmış təxminən 75 nəfəri təhlükəsiz şəkildə aşağı endiriblər.

İslinqton rayonunda keçirilən parad təxminən iki saat yarım davam edib. Tədbirin başa çatmasından sonra da azarkeşlər London küçələrində bayram əhval-ruhiyyəsini davam etdiriblər.

Bununla yanaşı, bəzi ictimai asayiş pozuntuları da qeydə alınıb. Skotland-Yardın açıqladığı son məlumata görə, 16 nəfər saxlanılıb. Onlardan altısı polis əməkdaşlarına hücum etməkdə ittiham olunur.

"The Daily Mail" qəzetinin yaydığı görüntülərdə bəzi şəxslərin polis avtomobilinin və təcili yardım maşınının üzərinə çıxdığı, həmçinin hüquq-mühafizə orqanları ilə qarşıdurmalar yaşandığı əks olunub.

Hadisələr zamanı bir nəfər bıçaq xəsarəti alıb və helikopterlə xəstəxanaya çatdırılıb. Onun vəziyyəti barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, "Arsenal" sonuncu dəfə 2003/2004 mövsümündə İngiltərə çempionu olmuşdu. London təmsilçisi tarixində 14-cü dəfə ölkə çempionu adını qazanıb. Bu göstəricidə klub yalnız 20 çempionluğu olan "Mançester Yunayted" və "Liverpul"dan geri qalır.

Komandanın baş məşqçisi 2019-cu ildən etibarən ispaniyalı Mikel Artetadır. Onun rəhbərliyi altında "Arsenal" İngiltərə Kubokunu (2020) və iki dəfə İngiltərə Superkubokunu (2020, 2023) qazanıb.