BAKI, 31 may. TELEQRAF

“Real”ın yarımmüdafiəçisi Arda Gülər UEFA Çempionlar Liqasında (ÇL) mövsümün yüksələn ulduzu seçilib.

Teleqraf xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

UEFA bu mükafatı ÇL-də ciddi inkişaf göstərən və mövsüm ərzində özünü təsdiqləyən gənc oyunçuları üçün təsis edib. Yeni mükafat əvvəlki “Mövsümün gənc futbolçusu” nominasiyasını əvəzləyib.

21 yaşlı futbolçu 2025/2026 mövsümündə Çempionlar Liqasında böyük irəliləyişə imza atıb. O, ötən mövsüm turnirdə cəmi 1 oyuna start heyətdə çıxmış və ümumilikdə 7 matçda meydana daxil olmuşdu. Bu mövsüm isə Güler 14 oyunda iştirak edib, onların 13-də start heyətdə yer alıb.

Türkiyə millisinin üzvünün oyun dəqiqələri də ciddi şəkildə artıb. Arda Gülər 2024/2025 mövsümündə ÇL-də 142 dəqiqə oynamışdısa, başa çatan mövsümdə bu göstərici 1030 dəqiqəyə yüksəlib.

Qeyd edək ki, Arda Gülər mövsümü Çempionlar Liqasında 2 qol və 4 məhsuldar ötürmə ilə başa vurub.