BAKI, 31 may. TELEQRAF

Çempionlar Liqasının final oyununu izləmək üçün Macarıstanın paytaxtı Budapeştə gələn britaniyalı azarkeş ağır xəsarət almasına baxmayaraq xəstəxanadan qaçaraq stadiona gedib.

Teleqraf xəbər verir ki, Budapeşt Polis Baş İdarəsinin yaydığı məlumata əsasən, azarkeş İngiltərənin "Arsenal" və Fransanın PSJ (Paris Sen-Jermen) komandaları arasında keçirilən final matçını izlədikdən sonra yenidən xəstəxanaya qayıdıb.

Polisin açıqlamasında bildirilir ki, skuterdən yıxılaraq ağır xəsarət alan britaniyalı ilə onun qohumları vasitəsilə əlaqə saxlamaq mümkün olub.

"Futbol azarkeşi yenidən xəstəxanaya qayıdıb və ona lazımi tibbi yardım göstəriləcək", - məlumatda qeyd olunub.

Bundan əvvəl yerli hakimiyyət orqanları həyati təhlükə yaradan xəsarət almasına baxmayaraq özbaşına xəstəxananı tərk edən britaniyalının axtarıldığını açıqlamışdı. O, elektrikli skuterdən yıxıldıqdan sonra tibb müəssisəsinə yerləşdirilsə də, sevimli komandasının oyununu izləmək üçün oradan qaçıb.