BAKI, 7 may. TELEQRAF

"CBC Sport" telekanalı UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində keçirilmiş "Bavariya" (Almaniya) - PSJ (Fransa) matçının yayımlanmamasına aydınlıq gətirib.

Teleqraf xəbər verir ki, telekanal qarşılaşmanın yayımının texniki səbəblərdən mümkün olmadığını açıqlayıb:

"Gün ərzində yayım prosesi ilə bağlı aparılan ənənəvi testlər zamanı hər hansı problem aşkarlanmasa da, matçın başlamasına təxminən 5 dəqiqə qalmış gözlənilməz texniki nasazlıq yaranıb. Problem qeydə alınan andan etibarən onun aradan qaldırılması üçün bütün zəruri tədbirlər görülüb. Məqsədimiz nasazlıq aradan qalxan kimi, oyunun hansı dəqiqəsinin getməsindən asılı olmayaraq, dərhal efirə qoşulmaq idi. Lakin texniki heyətin görüş boyu davam edən səylərinə baxmayaraq, yayımı bərpa etmək mümkün olmayıb. Baş verən bu xoşagəlməz hadisəyə görə məsuliyyətimizi tam dərk edir, oyunu sizə təqdim edə bilmədiyimiz üçün bütün futbolsevərlərdən üzr istəyirik".