BAKI, 7 may. TELEQRAF

PSJ UEFA Çempionlar Liqasında daha bir tarixi uğura imza atıb.

Paris təmsilçisi yarımfinalda “Bavariya”nı iki oyunun nəticəsinə əsasən 6:5 hesabı ilə məğlub edərək finala yüksəlib. Bununla da Luis Enrikenin komandası son altı ildə üçüncü dəfə turnirin finalında oynamaq hüququ qazanıb.

Teleqraf “Opta”ya istinadla xəbər verir ki, PSJ 2020-ci ildən bəri Çempionlar Liqasının finalına üç dəfə yüksələn yeganə klubdur. Eyni dövrdə “Real Madrid”, “Mançester Siti” və “İnter” hərəyə iki dəfə finala çıxıb. Digər komandalar isə bu mərhələdə yalnız bir dəfə iştirak edib.

Xatırladaq ki, Paris klubu 2020-ci ildə finalda məhz “Bavariya”ya 0:1 hesabı ilə məğlub olmuşdu. 2025-ci ildə isə PSJ həlledici görüşdə “İnter”i 5:0 hesabı ilə darmadağın edərək tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olmuşdu.

Fransa çempionunun builki finaldakı rəqibi İngiltərə təmsilçisi “Arsenal” olacaq.