BAKI, 4 may. TELEQRAF
Türkiyənin “Qalatasaray” klubunun mövsümün sonunda yollarını ayıracağı futbolçular bəlli olub.
Teleqraf “Akşam” nəşrinə istinadən xəbər verir ki, “sarı-qırmızılılar” yayda 16 oyunçusu ilə sağollaşmağa hazırlaşır.
İlkin mərhələdə ehtiyat qapıçı Günay Güvənç, Kaan Ayhan və Ahmed Kutucu ilə yolların ayrılması gözlənilir. Müqaviləsi başa çatan 33 yaşlı argentinalı hücumçu Mauro İkardiyə də yeni müqavilə təklif olunmayacaq.
Mövsüm ərzində qeyri-sabit çıxışı ilə diqqət çəkən Lukas Torreyra, Davinson Sançes, Yakobs, İlkay Gündoğan və Mario Lemina da komandadan ayrıla biləcək futbolçular sırasındadır. Bu oyunçular üçün daxil olacaq təkliflər dərhal dəyərləndiriləcək.
Roland Sallai, Barış Alper Yılmaz, Qabriel Sara və Vilfrid Singo ilə bağlı qərarda isə təkliflərin məbləği həlledici rol oynayacaq.
Qış transfer pəncərəsində heyətə cəlb edilən Saşa Boey, Noa Lanq və Yaser Asprilla üçün satınalma opsiyalarından istifadə edilməyəcək. Buna baxmayaraq, Avropa nəhənglərinin maraq dairəsində olan Viktor Osimhen və kapitan Uğurcan Çakır komandada saxlanılması klub üçün əsas prioritetdir.
Qeyd edək ki, 74 xalla turnir cədvəlinə başçılıq edən “Qalatasaray” ən yaxın izləyicisi “Fənərbağça”nı 4 xal qabaqlayır və 26-cı çempionluğunu rəsmiləşdirməyə yaxındır.