BAKI, 4 may. TELEQRAF

İspaniya nəhəngi "Real Madrid"də fransalı ulduz Kilian Mbappe ətrafında yaranan gərginlik davam edir.

Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, komanda daxilində hücumçunun davranışları ilə bağlı narazılıqlar artmağa başlayıb.

İddialara görə, Mbappenin son hərəkətləri soyunma otağında səbir kasasını daşıran əsas məqam olub və bəzi futbolçular onun davranışından açıq şəkildə şikayət ediblər.

Məlumata əsasən, azarkeşlərin tənqidlərindən sonra artıq komanda üzvləri də fransalı futbolçunun peşəkarlıq səviyyəsi ilə bağlı narahatlıqlarını gizlətmir.

Belə ki, Madrid klubu "Espanyol"la oyun öncəsi Mbappenin bud əzələsindən zədə aldığını və matçı buraxacağını açıqlamışdı. Lakin futbolçunun bərpa prosesini İspaniyada keçirmək əvəzinə İtaliyaya yollanması vəziyyəti daha da gərginləşdirib.

Mediada yayılan görüntülərdə Mbappenin sevgilisi ilə vaxt keçirdiyi anların yer alması klub daxilində narazılığı artırıb.

“Real Madrid”in bir sıra futbolçuları hücumçunun davranışını qeyri-peşəkar hesab edərək rəhbərliyə narazılıqlarını bildiriblər.