BAKI, 3 may. TELEQRAF

Azərbaycan Premyer Liqasının XXX turunda “Şamaxı” və “Sabah” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Kamal Umudlunun idarə etdiyi görüşdə qolları Stiv Solvet (30), Coy-Lens Mikels (77) və Umarali Raxmonaliyev (90+1-pen) vurub.

Çempionluğunu daha əvvəl rəsmiləşdirən Valdas Dambrauskasın komandası xallarını 75-ə çatdırıb. Ayxan Abbasovun kollektivi isə 35 xalla 8-ci pillədə yer alır.

Qeyd edək ki, günün növbəti matçında “Zirə” “Qəbələ”ni qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq qarşılaşma saat 18:30-da start götürəcək.