BAKI, 27 aprel. TELEQRAF

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “Sabah” – “Qarabağ” matçında baş verən qalmaqallar hələ də müzakirə olunmaqdadır.

Teleqraf xəbər verir ki, matçdan sonra Ağdam klubunun futbolçusu Marko Yankoviçlə qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadə arasında yaşanan gərginliyə görə birincinin ağır şəkildə cəzalanacağı şübhəsizdir.

AFFA hakimi ölümlə hədələyən futbolçunu bağışlamayaraq ona ağır cəza tətbiq edəcək. Maraqlıdır ki, Yankoviç oyundan bir gün sonra açıqlama yayaraq Rəvan Həmzəzadənin onu təhqir etdiyini bildirib.

Görünür, Rəvan Həmzəzadənin Premyer Liqa çərçivəsində bu gün keçiriləcək “Turan Tovuz” – “Zirə” matçına təyinat alması AFFA-nın Yankoviç tərəfindən irəli sürülən iddiaları qəbul etməməsinin nəticəsidir.

Ancaq həmin epizodun yavaşladılmış kadırlarına baxarkən dodaqdan oxunmada Rəvan Həmzəzadənin Yankoviçin iddia etdiyi təhqir səsləndirdiyi aşkar şəkildə görünür.

Bəs, “Qarabağ” bunu necə sübuta yetirə bilər?

Yeganə çıxış yolu “Qarabağ”ın AFFA-ya müraciət edərək hakimlərin “Sabah”la matçdakı danışıqlarına qulaq asmasını təmin etməsidir. Nəzərə alaq ki, Ağdam təmsilçisinin belə bir hüququ var. Belə olan halda AFFA rəqib komandadan da bir nümayəndə dəvət edərək, hakimlərin qeydə alınan danışıqlarına qulaq asa bilər. Rəqib komandanın nümayəndəsi gəlməsə belə, “Qarabağ” tərəfi bu prosesdə iştirak etmək hüququna sahibdir. Belə olan halda son çempion baş hakim Rəvan Həmzəzadənin həm Mateuş Koxalskiyə qırmızı vərəqə göstərdiyi, həm qalmaqallı penalti epizodunda, həm də Yankoviçlə yaşanan gərginliklə bağlı danışıqlarına şahidlik edib yaranan şübhəni aradan qaldıra bilər.