ŞAMAXI, 26 aprel. TELEQRAF
“Tək Elvin Cəfərquliyevin yox, millidə olan futbolçular məni narahat edir. Biz yaxşı durumda deyilik. Digər legioner həyatı yaşayan milli oyunçularımız var ki, klublarında oynamırlar. Bu hal bizi narahat edir. Yayda vaxtımız olacaq. Ümumən bu durum bizi narahat etməyə bilməz”.
Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycan millisinin və “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov deyib.
“Cahangir Fərəcullayevlə (AFFA-nın baş katibi) söhbətlərim çox olur, hakimlik də onlardan biridir. Düzdür, hakimlərlə bağlı çox problemlər var. Amma burada klubların, medianın və hakimlərin də səhvi var. Bəzən Türkiyə futboluna baxır və oradakı kimi şou yaratmağa çalışırlar. Bəzən boş yerə kiçik bir hadisəni çox şişirdirlər. Lazımsız ajiotaj yaradılır. Hakimlərin üzərinə bu qədər getmək olmaz. Onların səhvləri müzakirə olunanda qorxurlar, çəkinirlər. Çox kobud səhvlər oldu, klubların haqqına girildi. Amma yaxşı hakimlərimiz var, onları futbolumuzdan silə bilmərik. Hakimliyimizi yüksək səviyyəyə çatdırmalıyıq”.