QƏBƏLƏ, 25 aprel. TELEQRAF

“Mübarizə davam edir. Hər qarşılaşma bizim üçün finala bərabər olacaq”.

Teleqraf-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze deyib.

“Bu gün iki xal itirdik. Birinci hissə gərgin keçdi. Bu, normaldır. Çünki turnir cədvəlində yaxşı vəziyyətdə deyilik. İkinci yarıda daha yaxşı oynadıq. Qol vəziyyətləri yaratdıq, amma sonluğu gətirə bilmədik. Son zərbələri tamamlamaqla bağlı problemlər var.

Azarkeşlərdən sonadək komandanın yanında olmalarını xahiş edirəm. Hər matçda döyüşmək və mübarizə aparmaq lazımdır. Bu gün “Araz-Naxçıvan”ın rahat qələbə qazanacağını düşünənlər var idi. Amma biz belə olmadığını göstərdik”, - deyə mütəxəssis bildirib.