BAKI, 25 aprel. TELEQRAF
"Neftçi" və "Qarabağ" klubları Premyer Liqanın XXIX turunda baş tutacaq qarşılaşmadan öncə bəyanat yayıblar.
Teleqraf xəbər verir ki, hər iki klubun yaydığı çağırışda 26 və 30 aprel tarixlərində "Palms Sports Arena"da keçiriləcək qarşılaşmalar zamanı azarkeşləri qaydalara əməl etməyə səsləyiblər:
"Dörd gün aralıqla Azərbaycan Premyer Liqasının oyunları çərçivəsində "Neftçi" və "Qarabağ" komandaları iki dəfə üz-üzə gələcəklər. Futbol azarkeşlərinin səbrsizliklə gözlədiyi bu oyunlara bilet satışı davam edir. Azarkeşlər qarşılaşmalara böyük maraq göstərirlər və hər iki görüşdə tribunaların tam dolacağı ehtimal edilir. Həmişə olduğu kimi, komandalar yenə qələbə qazanmaq üçün sona qədər mübarizə aparacaqlar. "Neftçi" və "Qarabağ" olaraq, azarkeşlərimizi təmkinli olmağa, rəqib komandaya və azarkeşlərə, oyunun iştirakçılarına hörmət nümayiş etdirərək, sevimli komandalarını yüksək mədəniyyət və ədalətli oyun prinsipləri çərçivəsində sonadək dəstəkləməyə çağırırıq.
Meydana çıxan iki komandadan birinin o meydanı sevinc, digərinin isə kədərlə tərk etdiyi bir oyunda meydanda baş verənlər elə meydanda da qalmalıdır. Hər birimizə yaraşan isə Azərbaycanın ən maraqla gözlənilən qarşılaşmasında etik çərçivələri aşmamaq, yüksək peşəkarlıq və rəqiblərə ehtiram göstərməkdir. Hər iki klub oyunun dostluq əhval-ruhiyyəsində, gərgin idman mübarizəsi şəraitində keçəcəyinə əminliyini ifadə edir və azarkeşləri stadiona dəvət edir".
Qeyd edək ki, görüş sabah "Palms Sports Arena"da saat 19:00-da start götürəcək.