BAKI, 18 aprel. TELEQRAF

"37-38 yaşlı hücumçu almayın. Bu oyunçuları göndərin getsinlər".

Teleqraf xəbər verir ki, bu sözləri "Fənərbağça"nın keçmiş prezidenti Aziz Yıldırım bu gün keçirilən ali şuranın iclasında çıxışı zamanı söyləyib.

Yıldırım hazırkı klub prezidenti Sadettin Saranı büdcə və xərclərlə bağlı şəffaf olmağa çağırıb:

"Braziliya, Uruqvay, Argentina, Avropa bu işi bilir. İstədiyiniz mövqelər üçün oradan oyunçular seçsinlər, siz də gedib alın. Qoca oyunçuları transfer etməyin. Sidiki Şerifi kim alıb? Bu futbolçu hansı məntiqlə komandaya gətirilib? Transferin 22 milyon olduğu barədə söz-söhbət var, dəqiq bilmirəm, bəlkə də 20-dir. Deyirlər ki, Kante 70 milyona transfer olunub... Xərclənən pul 150 milyon avrodur. Bu məsələləri klub dəqiqləşdirməli, hesabat verməlidir".

Yıldırım Sadettin Saranı və onun rəhbərliyini "müvəqqəti idarəetmə" adlandırıb:

"Siz müvəqqəti rəhbərsiniz. Bu il davam edib-etməyəcəyinizi bilmirəm. Prezident buraya gəlib vəziyyəti izah etməlidir. "Fənərbağça" ictimaiyyəti qeyri-müəyyən vəziyyətdə qalmamalıdır".