TOVUZ, 13 aprel. TELEQRAF
“Çempionluqdan sonra rahatlıqla deyə bilərik ki, Tovuz həqiqətən də voleybol şəhəridir. Təsadüfi deyil ki, uşaq və böyüklər olmaqla 800-1000 nəfər adam bizim akademiyamızda məşq edir”.

Teleqraf xəbər verir ki, bu sözləri “Turan”ın prezidenti Həsən Zeynalov jurnalistlərə açıqlamasında deyib.

O, Tovuzda idmanın inkişafından söz açıb: “Bu rayon nəinki futbol, həm də idman şəhəridir. Təbii ki, azarkeşlər komandadan yüksək nəticə tələb edir. Bu tələbkarlığın nəticəsində oyunçular məsuliyyət daşıyır və bunun öhdəsindən gəlmək üçün əllərindən gələni edirlər”.

Zeynalov yarımfinalda “Gəncə”ni 3:0 hesabı ilə məğlub etdikləri oyunla bağlı təəssüratlarını da bölüşüb: “Çempion olsaq, karyeramın ən böyük uğurlarından biri olar. İnşallah ki, kuboku biz qazanarıq. Biz heç bir rəqibə yuxarıdan aşağı baxmırıq. Finalda şanslar 50/50-dir. Baxmayaraq ki, “Gəncə”ni ilk oyunda 3:0 hesabı ilə məğlub etmişdik, oyundan öncə kollektivimizlə görüşəndə qeyd etdim ki, heç kim rahatlaşmasın.
Finala yüksəldiyimiz üçün qızlarımıza gül verdik. Çempion olsaq, onda da maraqlı hədiyyə fikirləşərik.
Mövsümün əvvəlində qarşımıza qoyduğumuz hədəflərdən biri bu idi ki, avrokuboklara vəsiqə qazanaq, artıq bunu təmin etmişik. İkinci hədəfimiz isə çempionluqdur”.