BAKI, 13 aprel. TELEQRAF

Polşa futbolunun yüksək Liqası olan “Ekstraklasa”da maraqlı vəziyyət yaranıb.

Teleqraf xəbər verir ki, gərgin keçən mövsümün bitməsinə 6 tur qalmasına baxmayaraq, liqadakı 18 klubun 17-nin çempion olmaq şansı var.

Belə ki, lider “Lex Poznan” ilə 17-ci sırada olan “Vidzev Lodz” arasında cəmi 13 xal fərq var. Beləliklə, sonuncu olan “Bruk-Bet Termalica” xaric bütün klublar riyazi olaraq çempion olmaq imkanını saxlayıb.

​Həmçinin ölkənin ən titullu klubu olan və 1945-ci ildən bəri heç vaxt yüksək liqanı tərk etməyən “Legiya Varşava” klubu yüksək liqanı tərk etmək təhlükəsiylə üzləşib.

15 dəfə ölkə çempionu olan 21 dəfə Polşa Kuboku və 6 dəfə Polşa Super Kubokunun qalibi olan klub hal hazırda 34 xalla autsayderlər qrupunda yer alıb.

​Ümumiyyətlə son mövsümlər gərgin rəqabət getdiyi Polşa Liqasında 2019-cü ildən bəri 3 fərqli klub tarixlərində ilk dəfə Liqanın qalibi olub. Belə ki, 2018/19 mövsümündə "Piast", 2022/23 mövsümündə "Rakov" və 2023/24 mövsümündə "Yagelloniya" ilk dəfə Ekstraklasa çempionluğunu qazanıblar.

Qeyd edək ki, bu klubların hər üçü avrokuboklarda təmsilçilərimizə rəqib olub. “Piast” Avropa Liqasının 2013/14 mövsümündə “Qarabağ” ilə, “Yagelloniya” Avropa Liqasının 2017/18 mövsümündə “Qəbələ” ilə, “Rakov” isə, UEFA Çempionlar Liqasının 2023/24 mövsümündə “Qarabağ” ilə qarşılaşıb.