BAKI, 11 aprel. TELEQRAF

Beynəlxalq Futbol Federasiyası İran millisinin 2026-cı il dünya çempionatındakı oyunlarının ABŞ-dən Meksikaya köçürülməməsi barədə qərar qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Meksika Prezidenti Klaudiya Şeynbaum "Goal" portalına açıqlamasında bildirib.

O qeyd edib ki, oyunların başqa ölkəyə keçirilməsi böyük logistik çətinliklər tələb etdiyinə görə belə qərar verilib.

Xatırladaq ki, daha əvvəl İran Futbol Federasiyası təhlükəsizlik səbəbləri ilə komandalarının oyunlarının Meksikaya köçürülməsi məsələsini FİFA ilə müzakirə edirdi.

Qeyd edək ki, İran millisi qrup mərhələsində bütün oyunlarını ABŞ-da keçirməlidir. Komandanın rəqibləri Belçika, Misir və Yeni Zelandiya yığmalarıdır.

2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada təşkil olunacaq.