BAKI, 2 mart. TELEQRAF
“Hazırda digər idman növlərində 70 faiz azərbaycanlı məşqçilər işləyir”.
Teleqraf xəbər verir ki, bu sözləri voleybol üzrə Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə keçirilən Məşqçilər Forumunun açılış mərasimində deyib.
“Mən ancaq qadınlarla işləmişəm, kişilərlə yox. Yenidən belə bir seçim imkanım olsaydı, yenə qadınlarla çalışmağı seçərdim. Bir neçə nəsillə işləmişəm. İndi də yığmanın baş məşqçisiyəm. Bizim idmanımız həm də mədəniyyətimizdən asılıdır. Bu gün idmanda ən çətin şey fiziki çalışmaqdır. Bu olmasa, heç bir şey edə bilmirsən. Daha sonra idmançının hazırlaşması, psixologiyası və məşqçi ilə arasındakı münasibətidir. Bu gün digər idman növlərinə, futbola, “Qarabağ”ın bütün oyunlarına baxıram. Bu uğurların hər biri məşqçilərimizin sayəsindədir. Bu forumun bir yox, bir neçə dəfə olmağını istəyərdim. Nazirdən xahiş edirəm ki, digər federasiyalardan da bir neçə idmançı bu forumda iştirak etsin. Bu gün “Qarabağ”ın baş məşqçisi əcnəbi olsaydı, biz onu o qədər də sevməzdik. Bizim yerli məşqçimiz olduğu üçün daha çox sevirik. Baxmayın, Qurbanla dostam. Bu günə qədər Avropada udmuşuq da, uduzmuşuq da, amma o bayrağımızın orada olması qürurvericidir. Bu gün “Qarabağ” Azərbaycanın simvoludur".