BAKI, 31 yanvar. TELEQRAF
Azərbaycan Premyer Liqasının XVIII turunda “Zirə” və “Sabah” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, Zirə İdman Kompleksində keçirilən qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim Kamal Umudlunun idarə etdiyi görüşdə “bayquşlar”ın qollarını Velko Simiç (10), İvan Lepinjaça (22) və Xəyal Əliyev (27) vurublar. “Qartallar”ın heyətində isə David Volkov (83) fərqlənib.
Bu nəticədən sonra Valdas Dambrauskasın kollektivi xallarını 43-ə çatdıraraq turnir cədvəlində liderliyini möhkəmləndirib. Rəşad Sadıqovun komandası isə 29 xalla 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, günün daha əvvəl baş tutan matçında “Şamaxı” səfərdə “Kəpəz”i 2:0 hesabı ilə məğlub edib. Daha əvvəl keçirilən oyunlarda isə “Sumqayıt” səfərdə “Karvan-Yevlax”ı 2:0, “Qəbələ” evdə “İmişli”ni 3:0 hesabı ilə məğlub edib. Tura fevralın 1-də yekun vurulacaq.