BAKI, 29 yanvar. TELEQRAF
"Qarabağ"ın müdafiəçisi Mateus Silva UEFA Çempionlar Liqasında ikili mübarizələrdə qalib gələn futbolçuların siyahısında ilk üçlükdə yer alıb.
Teleqraf xəbər verir ki, 28 yaşlı oyunçu başa çatan əsas mərhələnin VIII turu ərzində iştirak etdiyi 81 ikili mübarizənin 49-da qalib gələrək yüksək göstərici nümayiş etdirib.
Braziliyalı müdafiəçi bu nəticə ilə üçüncü sırada qərarlaşıb.
Siyahıya Norveçin "Budo/Qlimt" klubunun vingeri Yens Petter Hauqe başçılıq edir (105 mübarizədən 52 qələbə). İkinci pillədə isə İngiltərənin "Mançester Siti" komandasından Ceremi Doku (88 dueldən 50 qələbə) yer alıb.
Mateus Silva bu göstəricidə hətta "Barselona"nın ulduz futbolçusu Lamin Yamalı da geridə qoyub. İspaniyalı gənc ulduz aktivindəki 85 ikili mübarizənin 48-dən qalib ayrılaraq 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Mateus Silva "Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi 8 oyunun hamısında iştirak edib və 1 qol müəllifi olub.