BAKI, 13 dekabr. TELEQRAF
“İmişli” komandasının futbolçusu İbrahim Əliyev Azərbaycan Premyer Liqasının XIV turunda səfərdə “Sumqayıt”a 0:1 hesabı ilə məğlub olduqları oyunun sonlarında baş verən insidentlə bağlı Teleqraf-a müsahibə verib.
26 yaşlı hücumçu matçın sonlarında qola çevirə bilmədiyi penalti, daha sonra isə rəqib futbolçularla arasında baş verən mübahisə barədə danışıb.
- İnsident necə yarandı?
- Mən meydançada yaranmış gərginliyi sakitləşdirmək üçün hadisə yerinə yaxınlaşdım və həmin anda rəqib futbolçunun Almeydaya sərt şəkildə toxunduğunu gördüm. Almeyda da mənim kimi vəziyyəti sakitləşdirməyə çalışanlar arasında idi. Mən vəziyyəti sakitləşdirməyə çalışdığım anda rəqib futbolçunun mənə yönəlmiş uyğun olmayan ifadəsini eşitdim və həmin an reaksiyam ortaya çıxdı. Hadisənin gedişatı bu şəkildə formalaşdı.
- Rəqib futbolçu (Aleksandar Ramalinqom - red.) sizi təhqir etmədiyini bildirir. O, azərbaycanca başa düşmədiyini və fransızca danışdığını deyir. Əgər təhqir edibsə, bunu necə başa düşdünüz?
- Onun barəsində hər hansı fikir bildirmək istəmirəm. Çünki meydanda baş verənlər meydanda qalmalıdır və mən bu məsələni meydandan kənara daşımağın tərəfdarı deyiləm. Biz futbolçuyuq, meydanda rəqabət var, amma meydandan kənarda bir-birimizə hər zaman hörmətlə yanaşırıq. Hadisə yaşandı və bitdi. Açığı, bu mövzu üzərində çox dayanmaq istəmirəm. Oyun zamanı belə halların baş verməsini doğru hesab etmirəm və baş verən insident məni də məyus etdi. Çünki bu cür situasiyalar nə azarkeşlər, nə də ictimaiyyət üçün arzuolunan deyil. Gələcəkdə belə halların yaranmaması üçün maksimum diqqətli olmağa çalışacağam. Öz adımdan da deyə bilərəm ki, kənardan aqressiv görünmək istəmirəm, çünki mən aqressiv insan deyiləm və oyun zamanı da belə situasiyaları sevmirəm. İndiyə qədər heç vaxt bu cür hadisələrdə iştirak etməmişəm. Bu, mənim karyeramda ilk idi və həm də son olacağına inanıram.
- Penalti zərbəsini yerinə yetirməyi özün istədin, yoxsa məşqçilər korpusu tapşırdı?
- Penaltini icra etməyim məşqçilər korpusu tərəfindən qərara alınıb. “Sabah”la oyun zamanı da penaltini mən yerinə yetirmişdim və qolla nəticələnmişdi. Məşqlərdə də penaltilərin üzərində çalışırdıq və mən onları yaxşı nəticə ilə istifadə edirdim. Təəssüf ki, bu dəfə istədiyimiz nəticəni ala bilmədik. Çox istəyərdim ki, qolu vurum, çünki 1 xal bizim üçün çox vacib idi. Amma təəssüf ki, bu dəfə qola çevirə bilmədim.
- Artıq ikinci dəfədir ki, “Sumqayıt”la oyunda ön plana çıxırsınız. Bunu bəxtsizliklə əlaqələndirirsiniz?
- Bəli, düşünürəm ki, bu il “Sumqayıt”la oyunlar həm mənim, həm də komanda üçün istədiyimiz kimi keçmədi. İlk oyunda qələbə qazandıq, lakin protokol xətası səbəbindən texniki məğlubiyyət aldıq. Bu oyunda isə son dəqiqədə penaltini istifadə edə bilmədim və nəticədə komanda məğlub oldu. Ümumilikdə deyə bilərəm ki, bu il “Sumqayıt”la oyunlarda bir qədər bəxtsizliklə üzləşdik. Açığı, hər iki oyunda şans bizim tərəfimizdə olmadı. Amma ümumi olaraq, komanda meydanda çox yaxşı mübarizə apardı və oyunun keyfiyyəti baxımından yaxşı təsir bağışladı.
- Sumqayıt şəhər sakini olaraq yerli azarkeşlərə nəsə demək istəyirsiniz?
- Bəli, mən Sumqayıtdanam və bu şəhərdə yaşayıram. Amma hazırda “İmişli”də oynayıram və “İmişli” üçün meydanda mübarizə aparıram. Öz oyunumla komandama uğur qazandırmağa çalışıram. Bəzən isə istəmək kifayət etmir, futbolda şanssız və talesiz anlar da olur. Bu mövsümdə artıq ikinci dəfə belə bir situasiya ilə üzləşmişik. Düşünürəm ki, bunun təsirində qalmaq lazım deyil, önümüzə baxmalıyıq. Həqiqətən də, son oyunda baş verənlər mənə pis təsir etdi. Amma bunları geridə qoyub qarşıdakı oyunlara fokuslanmaq lazımdır. “Karvan-Yevlax”la qarşılaşma bizim üçün vacib oyundur. Bu oyuna ciddi şəkildə hazırlaşırıq və çalışacağıq ki, oyundan 3 xalla ayrılıb azarkeşlərimizi sevindirək.