BAKI, 18 noyabr. TELEQRAF

"Şaxtyor"un baş məşqçisi Arda Turanı Ukraynada keçirdiyi altı ay ərzində onu ən çox təsirləndirən şeyin futbol hadisəsi deyil, Rusiyanın raket hücumundan sonra dəhşətli xəsarətlər alan Donetsk təmsilçisi azarkeşinin cəsarəti olduğunu bildirib.

Teleqraf xəbər verir ki, türkiyəli mütəxəssis bu barədə "Sky Sports"a müsahibəsində danışıb.

"Mən heç vaxt bəhanələrin arxasında gizlənən biri olmamışam, amma qabaqcadan görə bilmədiyimiz vəziyyətlər var idi. Bombalar növbəti oyunumuzdan bir gün əvvəl düşdü. Hamımız sığınacağa getdik. Qəribə görünə bilər, amma qorxmurduq, sadəcə yaxınlarımız üçün narahat idik. Bütün gecəni yatmadıq. Heç vaxt hansı şəraitdə oynamalı olacağımızı bilmirik.

Kədərli idim, çünki bu, bizim üçün vacib bir matç idi. Və sonra evinin bombalanması zamanı aldığı xəsarətlərə görə 35 əməliyyat keçirən "Şaxtyor" azarkeşi olan bu oğlan, Roman, soyunma otağımıza gəldi.

O, mənə dedi: "Cənab, kədərlənmə. Həyatda yaxşı və pis günlər olur. İrəliləməyə davam etməlisən". Bu, 35 əməliyyat keçirmiş səkkiz yaşlı bir oğlanın həyat dərsi idi.

Bəli, futbol vacibdir. Biz peşəmizə hörmət etməli və bizi izləyənlərə 100% dəstək olmalıyıq. Amma digər tərəfdən, bu əyləncədir, həyat qədər real deyil. Bunların fərqini anlamalıyıq. Mənə bu həyat dərsini öyrədən Roman idi. Onun üçün çempion olmağı çox istəyirəm. İndi bu, mənim üçün xəyal kimidir", - deyə Arda Turan söyləyib.

Qeyd edək ki, Arda Turan cari mövsümün əvvəlindən "Şaxtyor"un baş məşqçisidir. Onun komandası Ukrayna Premyer Liqasında 12 turdan sonra 27 xalla turnir cədvəlinin vahid lideridir.