BAKI, 9 oktyabr. TELEQRAF
AFFA "Neftçi" futbol klubunu 15700 manat cərimələyib.
Teleqraf xəbər verir ki, bu barədə bu gün keçirilən İntizam Komitəsinin iclasında qərar qəbul edilib.
Oktyabrın 3-də Azərbaycan Premyer Liqasında VII turun "Zirə" – "Neftçi" oyununda "Neftçi" komandasının azarkeşləri tərəfindən kütləvi iğtişaş törədildiyinə görə "ağ-qaralar" 10000 manat ziyana düşüb. Matçın 90+5-ci dəqiqəsində "Neftçi"nin məşqçisi Vəfadar Quliyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, "Neftçi" klubu 5000 manat cərimə edilib.
Həmçinin, 4 nəfər sarı vərəqə aldığı üçün "Neftçi" komandası 700 manat cərimə edilib.
Bununla yanaşı, "Zirə" klubunun 17 nömrəli futbolçusu Ayron Qomis ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, "qartallar" 500 manat cərimələnib. "Zirə" – "Neftçi" oyununda VAR maşını ətrafında təhlükəsizlik tam təmin edilmədiyinə görə "Zirə" klubu 1000 manat cərimə edilib.