BAKI, 14 avqust. TELEQRAF

UEFA Superkuboku uğrunda oyun keçirilib.

Teleqraf xəbər verir ki, 2024/2025 mövsümündə Çempionlar Liqasının qalibi olan PSJ (Fransa) Avropa Liqasının son sahibi “Tottenhem”lə (İngiltərə) qarşılaşıb.

Görüşün əsas vaxtında qalib müəyyənləşməyib - 2:2. Penaltilər seriyasında rəqibdən daha üstün olan (4:3) Fransa klubu tarixində ilk dəfə UEFA Superkubokunu qazanıb. "Tottenhem" qələbəyə xeyli yaxın olub. London klubu sona yaxın 2 top fərqi ilə öndə olsa da, güclü rəqibinə qarşı üstünlüyünü qoruya bilməyib.

Oyunda hesabı 39-cu dəqiqədə “Tottenhem”li Miki van de Ven açıb. Görüşün 48-ci dəqiqəsində Kristian Romero ikinci qolu PSJ-nin qapısından keçirib. Görüşün 85-ci dəqiqəsində Li Kan İn fərqi azaldıb. 90+4-cü dəqiqədə PSJ məğlubiyyətdən yaxa qurtarıb. Usman Dembelenin ötürməsini Qonsalu Ramuş qola çevirib.

Matç İtaliyanın Udine şəhərindəki "Friuli" stadionunda baş tutub. Görüşün baş hakimi Joau Pedru Pineyru (Portuqaliya) olub. Azərbaycanlı FIFA referisi Elçin Məsiyev matçda dördüncü hakim vəzifəsini icra edib.

Xatırladaq ki, ötən il UEFA Superkubokunu "Real Madrid" qazanmışdı. İspaniya klubu İtaliya “Atalanta”sına 2:0 hesabı ilə qalib gəlmişdi. “Real” ən çox UEFA Superkubokunu qazanan komandadır (6 dəfə).