BAKI, 24 aprel. TELEQRAF
"Daşnaksütyun"un İrəvanda təşkil etdiyi yürüşdə Azərbaycan və Türkiyə bayraqlarının yandırılması ağılsızlıq idi".
Teleqraf xəbər verir ki, bunu Ermənistanın Respublika Partiyasının siyasi şurasının üzvü Anahit Adamyan deyib.
“Bu, ağılsızlıq və fanatizmdir, çünki onlar öz “mübarizələrini” sırf nağara-zurna ilə yürüş kimi təsəvvür edirlər, bir dəfə atəş açılsa, heç kim qalmayacaq.
Türkiyə bayrağının yandırılması artıq heç kimə təsir etmir, diplomatik əlaqələr olsaydı, Ankara nota verərdi. İndi bir neçə ay Ermənistan-Türkiyə danışıqları olmayacaq. Ərdoğana deyirsiniz ki, “mən sənin səfirlərini öldürəcəyəm”, amma... Təkəbbür və terror anti-vətənpərvərlikdir, anti-ermənilikdir”, - siyasətçi bildirib.
Adamyan qeyd edib ki, “Daşnaksütyun” həmişə anti-erməni partiyası olub və elə də qalır.
Xatırladaq ki, dünən axşam “Daşnaksütyun” terror təşkilatının İrəvanın mərkəzində qondarma erməni soyqırımı ilə bağlı təşkil etdiyi yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırılıb. Ermənistan Baş naziri Nikol Paşinyan baş verənlərə etiraz edib.