BAKI, 24 aprel. TELEQRAF
Avropa Komissiyasının tələblərinə görə, Avropa İttifaqı ölkələri hər il noyabrın 1-dək öz qaz anbarlarının 90% dolu olmasını təmin etməlidirlər. Qaz İnfrastrukturunun məlumatına əsasən, hazırda anbarların doluluq səviyyəsi 37,53% -dir.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyası (Gas Infrastructure Europe, GIE) məlumat yayıb.
Bildirilib ki, apreldə anbarlardakı ehtiyatların həcmi ötən illə müqayisədə hələ də 27 milyard kubmetr (40%) azdır. Eyni zamanda, Avropanın mayeləşdirilmiş təbii qaz (LNG) idxalı apreldə rekord səviyyədə davam edir.
Qurumun məlumatına görə, aprelin 22-də Aİ ölkələrində yeraltı qaz anbarlarına vurulan qazın həcmi 259 milyon kubmetr təşkil edib. Qazın çıxarılması 28 milyon kubmetrə yüksəlib. Aprel ayındakı qazın çıxarılması ötən ilin eyni dövrü ilə müqayisədə 22% az, qaz vurulması isə 4% çox olub.
Hazırda Avropanın yeraltı qaz anbarları 37,53% doludur. Bu, son beş ilin eyni dövrü üzrə orta göstəricidən 10,35 faiz bəndi aşağıdır. Ötən il isə bu göstərici 62,1% idi.