TBİLİSİ, 24 aprel. TELEQRAF
Gürcüstanın erməni icmasının üzvləri Tbilisidə Türkiyə səfirliyinin binası yaxınlığında uydurma “erməni soyqırımı”nın 110-cu ildönümünə həsr olunan ənənəvi aksiya keçirir.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, polis səfirlik ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib.
Aksiyada ermənilərin Azərbaycana və Türkiyəyə əsassız iddialarını əks etdirən müxtəlif fotoşəkillər də sərgilənir.
Bəzi iştirakçıların köynəklərində vaxtilə Azərbaycanın işğal altında olan ərazilərində mövcud olmuş "Artsax"ın Bakıda məhkəməsi davam edən, bəşəriyyət əleyhinə cinayətlərdə təqsirləndirilən "liderləri"nin fotoşəkilləri və onlara azadlıq şüarları, həmçinin qondarma rejimin "bayrağı"nın təsvirləri yer alıb.
Aksiyada erməni icmasının petisiyasına imzalar da toplanılır, həmçinin icmanın gürcü və ingilis dillərində nəşr etdirdiyi və "Azərbaycanın ermənilərə qarşı genosid siyasəti" adlandırılmış kitablar paylanılır.
Əllərində Ermənistan və Gürcüstan bayraqları və plakatlar tutan aksiyaçılar Türkiyə əleyhinə şüarlar səsləndirirlər. Erməni icmasının üzvü Artur Mirzoyan çıxışında Azərbaycanın ünvanına uydurma ittihamlar səsləndirməklə yanaşı, Bako Saakyan və digərlərinin azadlığa buraxılmasını tələb edir.