BAKI, 24 aprel. TELEQRAF
“Eurofighter Typhoon” döyüş təyyarələrinin Türkiyəyə satışı ilə bağlı indiyədək Almaniya ilə danışıqlar aparmamışıq.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk Almaniyanın Ankaraya “Eurofighter”lərin tədarükünə icazə verməməsi barədə sualı şərh edərkən deyib.
“Eurofighter Typhoon” təyyarəsinin ölkəmizə satışı ilə bağlı danışıqlar Böyük Britaniya ilə aparılır. Almaniya ilə indiyədək heç bir danışıqlarımız olmayıb. Prosesin lap əvvəlindən həmsöhbətimiz olan Britaniyanın bizə rəsmi şəkildə çatdırdığı heç bir mənfi məsələ yoxdur. Britaniya hökumət və istehsal şirkəti rəsmilərinin dəstəyi ilə proses planlaşdırıldığı kimi rahat şəkildə həyata keçirilir”, - rəsmi bildirib.
Xatırladaq ki, bundan əvvəl Almaniya hökumətinin İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsinə görə sözügedən döyüş təyyarələrinin Türkiyəyə satışına veto qoyduğu barədə mediada məlumat yayılmışdı.
“Eurofighter Typhoon” Britaniya, İspaniya, İtaliya və Almaniyanın birgə istehsal etdiyi döyüş təyyarəsidir.