BAKI, 24 aprel. TELEQRAF
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində "Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT): İmkanlar və perspektivlər" mövzusunda tədbir keçirilib.
Teleqraf xəbər verir ki, açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətini sədri Fərid Şəfiyev Azərbaycanın son illərdə beynəlxalq təşkilatlarla fəal əməkdaşlığına və uğurlu sədrliyinə diqqət çəkib.
O, 90-cı illərdə Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin İƏT-ə üzv olması ilə təşkilatın genişləndiyini, görüşlərin intensivliyinin artdığını bildirib. F.Şəfiyevin sözlərinə görə, qurum çərçivəsində iqtisadi əməkdaşlığın zəif getməsinin səbəbi bəzi üzv dövlətlər arasında siyasi və iqtisadi mövzulardakı fikir ayrılıqları olub.
“Son dövrlərdə Azərbaycan yeni təşkilatlara da qoşulur. Ötən il cənab Prezident İlham Əliyevin Misirə səfəri çərçivəsində Azərbaycan D-8 təşkilatına üzv olmuşdu. Ümumiyyətlə, biz çalışırıq ki, beynəlxalq platformalarda öz mövcudluğumuzu təsdiq edək və kənarda qalmayaq”, - sədr vurğulayıb.
BMTM-in şöbə müdiri Şahmar Hacıyevin moderatorluğu ilə davam etdirilən tədbirdə Milli Məclisin deputatı Qaya Məmmədov, Xarici İşlər Nazirliyinin (XİN) İqtisadi Əməkdaşlıq İdarəsinin rəis müavini Rövşən Mirzəyev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn, Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynovun çıxışları dinlənilib.
Milli Məclisin deputatı Qaya Məmmədov İƏT-in geosiyasi əhəmiyyətinə toxunaraq onu ölkəmiz üçün vacib mexanizm adlandırdı, real potensialının isə yüksək olduğunu qeyd edib.
İƏT üzvlərinin əsasən Azərbaycanın müttəfiqləri və yaxın qonşuları olduğuna diqqət çəkən XİN-in İqtisadi Əməkdaşlıq İdarəsinin rəis müavini Rövşən Mirzəyev nəqliyyat, enerji, bağlantılar sahələrində əməkdaşlığın ölkəmiz üçün vacib olduğunu diqqətə çatdırıb.
Azərbaycanın İƏT-ə töhfəsindən danışan R. Mirzəyev ölkəmizdə təşkilatın Təmiz Enerji Mərkəzi və Tədqiqat Mərkəzinin yaradılacağını, hazırda son hüquqi proseslərin icra edildiyini bildirib.
XİN rəsmisi, həmçinin davamlı inkişaf və dayanıqlı iqtisadi əməkdaşlıq mövzularına həsr edilən İƏT-in 17-ci sammitinin Xankəndi şəhərində keçiriləcəyini vurğulayıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn ölkəmizin iqtisadi diplomatiya sahəsindəki uğurlarından, İƏT-ə üzv ölkələrlə ticarət dövriyyəmizi əks etdirən göstəricilərdən danışıb.
Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov isə Mərkəzi Asiyanın artan geosiyasi əhəmiyyəti, hazırda daha çox aktorların cəlb olunduğu “İkinci Böyük Oyun”un əsas həlqəsinə çevrilməsi barədə çıxış edib.