BAKI, 24 aprel. TELEQRAF
"Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri tarixi əhəmiyyət kəsb edir. Azərbaycan-Çin münasibətləri bu gün özünün ən yüksək mərhələsinə çatıb. Çin Xalq Respublikasında Azərbaycan Prezidentinin qarşılanma mərasiminin özü bir tarixi hadisə idi. Bu dünyanın nəhəng ölkəsi olan Çinin Azərbaycana, onun liderinə, apardığı siyasətə olan münasibətinin göstəricisidir".
Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Ziyad Səmədzadə deyib.
Onun sözlərinə görə, Azərbaycanla Çin arasında imzalanan sənədlər münasibətlərin daha da inkişafına zəmin yaradacaq: “Ölkəmizdən idxalın artırılması istiqamətində böyük işlər görülməli idi. Çünki Azərbaycandan bu gün idxal olunan məhsulların sayı azdır ki, bu da müəyyən narahatlıqlar doğurur. Çinlə imzalanan sənədlər Azərbaycanın iqtisadi strukturları qarşında böyük vəzifələr qoyur. Bu vəzifələrin yerinə yetirilməsi üçün də dövlət başçısının tapşırıqlarına uyğun olaraq müəyyən işlər görüləcək”.

Ziyad Səmədzadə Azərbaycanla Çin arasında əldə olunan razılaşmalar fonunda Zəngəzur dəhlizinin açılması üçün yaranan yeni imkanlara diqqət çəkib: “Çin bu dəhlizin açılmasına böyük maraq göstərir. Hazırkı rəqabət mübarizəsi dövründə “Bir kəmər, bir yol" layihəsinin əhəmiyyəti artır. Bəzilərinin Zəngəzur dəhlizinə qarşı çıxması fonunda Çin dövlətinin ortaya qoyduğu mövqe obyektiv xarakter daşıyır. Çin dövləti bütün imkanlarından istifadə edib, bu, dəhlizin reallaşmasına öz təsirini göstərəcək. Eyni zamanda Azərbaycanla Çin arasında sosial-iqtisadi, elmi-texniki və innovasiya istiqamətlərini əhatə edən sənədlərin imzalanması təsirli rola malikdir. Ona görə də Azərbaycan Prezidentinin Çin səfəri tarixi əhəmiyyətini bir daha qabarıq şəkildə göstərmiş olur”.
YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfərinin münasibətlərin inkişafında yeni bir mərhələnin başlanğıcı olduğunu deyib.
Deputat bildirib ki, Azərbaycan Prezidentinin Çində yüksək səviyyədə qarşılanması, aparılan müzakirələr, keçirilən mühüm görüşlər də əlaqələrin xrakterini nümayiş etdirir: “Səfər çərçivəsində Pekində Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması olduqca mühüm əhəmiyyət kəsb edir. Bu xüsusda Prezident İlham Əliyev və Sədri Si Cinpin Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalaması iki dövlət arasında əlaqələrin yeni müstəviyə qədəm qoyduğunu bir daha təsdiq edir”.

Təftiş Komissiyasının sədri Azərbaycanla Çin arasında əlaqələrin xarakterinə toxunaraq deyib: “Ölkələr arasında münasibətlər son illərdə inkişaf dinamikasına malikdir. Azərbaycanla Çin arasında iqtisadi, siyasi və strateji sahələrdə əməkdaşlıq da mühüm önəmə malikdir. Əlaqələrin inkişafı regional sabitlik və qlobal əməkdaşlıq baxımından əhəmiyyətli rol oynayır. 2024-cü ildə Azərbaycanın xarici ticarətinin ümumi həcminin 7,9 faizi məhz Çinin payına düşüb ki, bu olduqca önəmli amildir. Ölkəmiz üçün Çin dördüncü böyük ticarət tərəfdaşı olmaqla yanaşı, əsas idxal mənbəyi hesab edilir. Azərbaycanın ixrac malları daşıyan ilk dəmir yolu qatarının Bakıdan Çinə yola salınması bu istiqamətdə atılan təsirli addımlardan biridir. Çinin şəhərlərində yaradılan Azərbaycan ticarət evləri və burada təqdim edilən milli xalçalarımız, nar şirələri və başqa yüksək keyfiyyətli məhsulları böyük maraqla qarşılanır. Eyni zamanda ölkələr arasında əmtəə dövriyyəsinin həcmi də artmaqdadır. Məhz bu kontekstdə Azərbaycan Çin Xalq Respublikasının sədri tərəfindən irəli sürülmüş “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri kimi özünün tərəfdaşlığını nümayiş etdirib. Həmçinin Azərbaycanın “Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndirmək niyyəti var”.
Sevinc Hüseynova, həmçinin Orta Dəhlizin Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşrut kimi qlobal əhəmiyyətindən bəhs edib: “Yüklərin Çindən Avropaya və əks istiqamətdə çatdırılmasında bu ən optimal yoldur. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 qatar yola salınıb ki, bu da qarşıdakı dövrdə həyata keçirilən birgə layihələrin mahiyyətini bir daha göz önündə canlandırmağa imkan verir. Azərbaycan və Çin arasında digər sahələrlə yanaşı, təhsil, elm və mədəni əlaqələr genişlənməkdədir. Azərbaycan və Çin universitetləri arasında əməkdaşlıq müqavilələri, tələbə-müəllim mübadiləsi bu prosesi stimullaşdırmış olur. Eyni zamanda turizmin inkişafı və işgüzar fəaliyyətin artırılması məqsədilə Çin vətəndaşlarına münasibətdə vizasız rejimin birtərəfli qaydada tətbiq edilməsi olduqca önəmlidir. Hər iki ölkə beynəlxalq platformalarda, xüsusən də Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində fəal əməkdaşlığa malikdir. Bütün bunlar azərbaycanla Çin münasibətlərinin böyük perspektivlərə malik olduğunu, ölkələr arasındakı əlaqələrin yüksələn xəttlə inkişafını təzahür etdirir”.
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Azərbaycan-Çin münasibətlərinin bu gün yeni və daha strateji bir mərhələyə qədəm qoyduğunu söyləyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri bu münasibətlərin inkişafında dönüş nöqtəsidir: “Səfər zamanı imzalanan sənədlər, xüsusilə də qəbul olunan birgə bəyanat, Azərbaycan və Çin arasında münasibətlərin artıq hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini təsdiqlədi. Bu, o deməkdir ki, iki ölkə yalnız iqtisadi deyil, eyni zamanda siyasi, humanitar və təhlükəsizlik sahələrində də bir-birinə daha sıx bağlıdır. Səfərin əsas hədəflərindən biri, qlobal və regional təşəbbüslərdə, xüsusilə də “Orta Dəhliz” kimi qlobal əhəmiyyətli nəqliyyat layihələrində əməkdaşlığın gücləndirilməsi idi. Bu kontekstdə Azərbaycanın geostrateji mövqeyi və nəqliyyat infrastrukturuna etdiyi böyük sərmayələr Çin tərəfindən yüksək qiymətləndirildi. Həmçinin, Çin şirkətlərinin Azərbaycanda bərpa olunan enerji, sənaye və texnologiya sahələrində artan fəaliyyəti də müzakirə olundu və yeni əməkdaşlıq imkanları formalaşdı”.

Günay Ağamalı əlavə edib ki, görüşlərdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, COP29-la bağlı Azərbaycanın uğurları və ölkəmizin Qlobal Cənubun maraqlarını təmsil edən dövlət kimi rolu vurğulandı: “Çin Prezidentinin Azərbaycan Prezidentini həm Şanxay Əməkdaşlıq Təşkilatının, həm də faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş tədbirlərə rəsmi dəvət etməsi ölkələrimiz arasında olan etimadın və yüksək səviyyəli siyasi dialoqun daha bir sübutudur. Bütün bu faktlar göstərir ki, Azərbaycanın Çinlə münasibətləri təkcə ikitərəfli əməkdaşlıqla məhdudlaşmır, həm də qlobal güc mərkəzləri ilə tarazlı və çoxşaxəli diplomatiya yürütmək strategiyasının mühüm tərkib hissəsidir. Bu səfər, Azərbaycanın dünyada artan nüfuzunun, siyasi uzaqgörənliyinin və diplomatik çevikliyin bariz nümunəsidir”.
Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunün üzvü, Milli Məclisin deputatı Naqif Həmzəyev Bakı ilə Pekin münasibətlərinin strateji əhəmiyyətindən bəhs edib.
O qeyd edib ki, Çin dünyanın ən böyük iqtisadiyyatına sahib ölkələrdən biridir və Azərbaycan üçün əhəmiyyətli investisiya mənbəyi ola bilər: “Orta dəhlizin inkişafı Azərbaycana tranzit ölkə kimi mövqeyini gücləndirməyə imkan verir, bu da logistika və nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin yaradılmasına və iqtisadi diversifikasiyaya töhfə verir. Artıq Azərbaycan və Çin arasında diplomatik münasibətlər yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin səfəri çərçivəsində iki ölkə liderinin görüşü ikitərəfli əlaqələrin daha da dərinləşməsi üçün əhəmiyyətli addım oldu. ÇXR sədri ilə Azərbaycan Prezidentinin görüşü dostluq və səmimilik şəraitində keçdi, bu da ölkələr arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir”.

Deputat hesab edir ki, görüş zamanı əldə olunmuş ən mühüm nəticələrdən biri yeni bəyanatın qəbul edilməsi oldu: “Bu bəyanat əsasında Azərbaycan-Çin münasibətləri artıq hərtərəfli tərəfdaşlıq xarakteri daşımağa başlayır. Bu, əvvəlki strateji tərəfdaşlıq səviyyəsindən bir pillə irəli gedərək, münasibətlərin daha da genişlənməsinə və dərinləşməsinə yol açır. ÇXR sədrinin Azərbaycan Prezidentini özünün və Çin xalqının "böyük dostu" adlandırması da ikitərəfli münasibətlərin yalnız rəsmi deyil, həm də şəxsi inam və dostluq əsasında qurulduğunu göstərir”.
“Azərbaycan Çinin təşəbbüskarı olduğu qlobal təhlükəsizlik, inkişaf və qlobal sivilizasiyalar təşəbbüsünü, eləcə də "insaniyyətin vahid taleyi" kimi konsepsiyaları dəstəkləyir. Azərbaycan və Çin arasındakı bu yüksək səviyyəli görüş və əldə olunan razılaşmalar göstərir ki, iki ölkə arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Hərtərəfli tərəfdaşlıq formatı, iqtisadi və siyasi sahələrdə əməkdaşlığın genişlənməsi, eləcə də beynəlxalq təşkilatlarda birgə fəaliyyət Azərbaycan-Çin münasibətlərinin gələcək inkişafı üçün möhkəm təməl yaradır”, - deyə Naqif Həmzəyev əlavə edib.